Böyük Tamara
From Wikipedia, the free encyclopedia
Böyük Tamara[3][4] (gürc. თამარ მეფე Tamar Mepe) və ya Tamar[5] (1166, Mtsxeta – 18 yanvar 1213, Tabaxmela) — 1184–1213-cü illərdə hakimiyyət sürmüş Gürcüstan hökmdarı.[6][7] Gürcüstanın Qızıl Dövrünü idarə edib.[8] Baqrationilər sülaləsinin üzvü olan Tamaranın təkbaşına Gürcüstanı idarə edən ilk qadın olması orta əsr gürcü mənbələrində, əsasən, Tamara üçün istifadə edilən mep'e ("kral")[9] titulu ilə qeyd edilib.[10]
Böyük Tamara | |
---|---|
gürc. თამარ მეფე | |
Gürcüstan hökmdarı | |
Əvvəlki | III Georgi |
Sonrakı | IV Georgi |
Şəxsi məlumatlar | |
Doğum adı | თამარ მეფე |
Doğum tarixi | 1166 |
Doğum yeri | |
Vəfat tarixi | 18 yanvar 1213 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşları |
|
Uşaqları | |
Ailəsi | Baqrationi |
Dini | Gürcü Ortodoks Kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tamara 1178-ci ildə hakimiyyətdə olan atası III Georgi tərəfindən varis və hakimiyyət şəriki elan edildi, ancaq Georginin ölümündən sonra hökmdar səlahiyyətlərinə tamamilə sahib olduğu zaman zadəganların böyük bir müxalifəti ilə qarşılaşdı. Tamara onları neytrallaşdırmağa nail oldu və düşmən səlcuq türklərinin zəifləməsi ilə dəstəklənən fəal xarici siyasətə başladı. Güclü hərbi elitaya etibar edən Tamara Qafqazda ağalıq edən imperiyanı gücləndirməkdə öz sələflərinin uğurlarını davam etdirdi və bu imperiya onun ölümündən sonrakı iki onillikdə monqol hücumları ilə tənəzzül etdi.[11]
Tamara iki dəfə ailə həyatı qurub. Birinci əri olan Böyük Vladimir Knyazlığının şahzadəsi Yuri ilə 1185–1187-ci illərdə evli olub. O, Yuridən boşanıb, onu Gürcüstandan sürgün edib və daha sonra onun dövlət çevrilişi cəhdlərinin qarşısını alıb. İkinci əri kimi Tamara Alaniya şahzadəsi David Soslanı seçib və Daviddən iki övladı — sıra ilə Gürcüstan taxtının sahibləri olan Georgi və Rusudan doğulub.[12][13]
Tamaranın dövrün siyasi və hərbi uğurları və mədəni nailiyyətləri ilə əlaqələndirilməsi və onun qadın hökmdar kimi rolu gürcülərin incəsənət əsərlərində və tarixi yaddaşında onu ideallaşdırmasına və romantikləşdirməsinə səbəb olub. O, Gürcüstanın populyar mədəniyyətində vacib simvol olaraq qalır və Gürcü Ortodoks Kilsəsi tərəfindən Müqəddəs Mömin Kral Tamara (gürc. წმიდა კეთილმსახური მეფე თამარი) kimi müqəddəs elan edilib və hər 14 may qeyd edilən bayram günü ilə yad edilir.[14][15]