Səhmdar cəmiyyəti
From Wikipedia, the free encyclopedia
Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır.[1] Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur.[2] Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər.[3]
Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür.
Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur.
Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər. ABŞ-də isə sadəcə səhmdar cəmiyyətləri adlanırlar.