Azərbaycan diasporu
From Wikipedia, the free encyclopedia
Azərbaycan diasporu — azərbaycanlıların öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti.
Təqribi sayı 50 milyon[1][2] nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan azərbaycanlılar siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.
XX əsrin əvvəllərinə qədər Azərbaycandan xaricə mühacirət edən azərbaycanlıların şəxsiyyət vəsiqələrində "rus təbəəsi" yazılması onların milliyətinin də "rus" kimi təqdim edilməsi ilə nəticələnmişdir. O dövrlərdə qonşu Rusiyaya köçən azərbaycanlılar "tatar", Türkiyədə məskunlaşanlar isə "Azərbaycan türkü" kimi tanınır və qeydə alınırdı. Müasir İran ərazisində yaşayan azərbaycanlıların isə "İran təbəəsi" kimi təqdimatı prosesi gedirdi.
Belə arzuolunmaz vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə səbəb olmuş, nəticədə azərbaycanlılar başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşmişlər. Lakin problemlərə və çətinliklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər.