Almaniyanın birləşdirilməsi (1990)
From Wikipedia, the free encyclopedia
Almaniyanın birləşdirilməsi (alm. Deutsche Wiedervereinigung) və ya vahid Almaniyanın bərpası[lower-alpha 1] (alm. Herstellung der Einheit Deutschlands) — 3 oktyabr 1990-cı ildə AFR konstitusiyasına əsasən, ADR-Qərbi Berlinin AFR-in tərkibinə daxil olması ilə vahid Almaniya Federativ Respublikasının yaradılması. Proses 2 may 1989-cu ildən 15 mart 1991-ci ilə qədər davam etmişdir. Almaniyanın birləşdirilməsinin elan edildiyi gün Alman Birlik Günü elan edilmiş (alm. Tag der deutschen Einheit) və bundan sonra milli bayram kimi qeyd edilməyə başlanmışdır. Birləşmə prosesinin bir parçası kimi Berlin şəhərinin şərq və qərb hissələri də bir şəhər halında birləşdirilmiş və sonda ölkənin paytaxtı olmuşdur.
Almaniya Sosialist Birlik Partiyası tərəfindən idarə edilən Şərqi Almaniyanın hökuməti 2 may 1989-cu ildən etibarən sarsılmağa başlamışdı. Bu tarixdə Macarıstan Avstriya ilə olan sərhədini açmış və bu Dəmir Pərdədə "dəlik açılmasına" səbəb olmuşdu. Sərhəd hələ də qounurdu, lakin Panavropa pikniki və Şərq blokuna məxsus olan ölkələrin qətiyyətsiz reaksiyası qarşısıalınmaz hərəkatın işə düşməsinə səbəb oldu. Bu Şərqi Almaniyada yaşayan minlərlə almanın Macarıstan vasitəsiylə Qərbi Almaniyaya mühacirət etməsinə yol açdı. 1989-cu il inqilablarının bir hissəsi olan Sülh inqilabı və şərqdə yaşayan almanların etirazları nəticəsində 1990-cı ilin 18 martında Almaniya Demokratik Respublikası ilk azad seçkilərə getməyə məcbur oldu və danışıqlar nəticəsində iki alman dövləti tərəfindən Birləşmə Müqaviləsi imzalandı. İki alman dövləti və ölkədə hərbi qüvvələri olan 4 dövlət arasında digər danışıqlar nəticəsində "İki üstəgəl dörd müqaviləsi" (Almaniya ilə bağlı son razılaşma müqaviləsi) adı ilə tanınan müqavilə imzalandı. 15 mart 1991-ci ildə imzalanmış müqavilə birləşmiş alman dövlətinin tam suverenliyinin tanınmasını əks etdirirdi. İkinci Dünya müharibəsindən sonra suverenliyi qalib dövlətlər tərəfindən müəyyən məsələlərdə məhdudlaşdırılmış və işğal zonalarına parçalanmış Almaniya bu müqavilə ilə məhdudiyyətlərin bir çoxunu ortadan qaldırdı, lakin ölkədəki Sovet ordusu yalnız 1994-cü ilin avqustunda ölkəni tərk etdi.
İkinci Dünya müharibəsinin sonlanmasından sonra Berlin bəyannaməsi imzalandı və Almaniyanın müttəfiqlər tərəfindən ələ keçirildi. Daha sonra Potsdam razılaşması imzalandı və Almaniyanın bölünməsinə gedən yol açıldı. Almaniya ilə müharibədən sonrakı münasibətləri tənzimləyəcək yekun müqavilənin Almaniyada münasib hökumətin qurulmasından sonra imzalanacağı gözlənilirdi, həmçinin bu müqavilə ilə Almaniyanın yeni sərhədləri də tənzimlənməli idi, lakin müttəfiqlər arasındakı geopolitik gərginliklər faktiki olaraq müttəfiqliyin sonlanması ilə nəticələndi və hər qrup əvvəlcə Almaniyada özünə uyğun hökumətin qurulmasına çalışdı, bu mümkün olmadıqda isə iki hökumətin qurulmasına başlanıldı. Fransız, Britaniya və ABŞ işğal zonaları birləşdirilərək 1949-cu ilin 23 mayında Qərbi Almaniya yaradıldı. Sovet işğal zonasında isə Şərqi Almaniya 7 oktyabr 1949-cu ildə yaradıldı. Bu, Almaniyanın bir-birindən ayrı iki hissəyə ayrıldığı demək idi. İki alman dövlətinin birgə yaşaması ilə Qərbi Almaniya iddia edirdi ki, iki dövlət azad və demokratik bir dövlət daxilində bir Almaniyada birləşənə qədər belə bir hökumətin qurulduğunu söyləmək olmaz. Qərbi Almaniyanın kansleri Konrad Adenauer 1952-ci ildə Stalinin qərbli müttəfiqlərə göndərdiyi notanı rədd etdi. Notada iki alman dövlətinin neytral bir dövlətdə birləşdirilməsi təklif edilirdi. Hökumət əvəzində denazifikasiya prosesinə son qoyaraq və amnistiya elan edərkən Qərbi Almaniyanın yenidən silahlanması siyasətini həyata keçirdi, çünki Qərbi almanlar birləşmədən sonra Sovetlərə "neytral Almaniya" mövzusunda etibar etmirdilər. Bu 1952-ci ildə Qərbi Avropa Birliyinin yaradılmasına və Qərbi Almaniyanın 1955-ci ildə NATO-ya qatılmasına yol açdı. 1990-cı ildə yenidən birləşmiş Almaniyanın bu məqsədlə "bütövlükdə Almaniyanı" təmsil edə biləcəyinə dair bir sıra fikirlər davam etdirildi. 1989-cu il kommunist dövlətlərinə, o cümlədən ADR-ə qarşı uğurlu və beynəlxalq inqilablar kontekstində; 12 sentyabr 1990-cı ildə dörd müttəfiqlə bağlanmış "İki üstəgəl dörd" müqaviləsinə əsasən, həm Şərqi, həm də Qərbi Almaniya 1990-cı ildən əvvəlki birgə sərhədlərinin Almaniya hökumətinin iddia edə biləcəyi bütün ərazini təşkil etməsi prinsipinə sadiq qaldılar və buna görə də orada bu sərhəddən kənarda olan başqa torpaqlar nəzərdə tutulmadı. Şərqi Almaniya federal dövlətlər halına salındıqdan sonra 3 oktyabr 1990-cı ildə ləğv edildi, elə həmin gündə də şərqdə yaradılmış qurumlar qərbə birləşdirildi və müasir Almaniya yaradıldı. Eyni zamanda birləşdirilmiş Berlin birləşdirilmiş Almaniyanın paytaxtı oldu.
Yenidən birləşən dövlət varis dövlət deyil, 1949–1990-cı illərdəki Qərbi Almaniya dövlətinin genişləndirilmiş davamıdır. Genişləndirilmiş Almaniya Federativ Respublikası Qərbi Almaniyanın Avropa İqtisadi Birliyində (daha sonra Avropa Birliyi), NATO-da və BMT-dəki nümayəndəliklərinin fəaliyyətini davam etdirdi. Eyni zamanda da vaxtilə Şərqi Almaniyanın üzv olduğu başda Varşava Paktı olmaqla, bütün üzvlüklər ləğv edildi.