Aşokanın şir kapitalı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Aşokanın şir kapitalı (hind. अशोकस्य चतुर्मुखसिंहस्तम्भः )müxtəlif heyvan təsvirləri ilə bəzədilmiş təmələ malik, bir-birinə arxalarını söykəmiş dörd Asiya şiri heykəlidir. 1950-ci ildə heykəlin qrafik təsviri Hindistan gerbi kimi rəsmi təsdiqlənmişdir.[2] Heykəl, mühüm buddist ziyarətgahı olan Sarnatda e.ə. 250-ci ildə imperator Aşokanın sifarişi ilə Aşoka dirəyi kimi tanınan abidənin zirvəsində ucaldılmışdır.[3] Bəzən Aşoka sütunu da adlandırılan dirək hazırda ucaldıldığı yerdə olsa da, vaxtilə onun zirvəsində yerləşən heykəl Hindistanın Uttar Pradeş ştatındakı Sarnat muzeyində saxlanılır. Təməllə birlikdə 2.15 metr hündürlüyə malik olan əsər, dövrümüzə çatmış digər kapitallarla müqayisədə daha mürəkkəb quruluşa malikdir. Aşokanın sifarişi ilə hazırlanmış və üzərində Aşoka qanunları həkk edilmiş bu sütunlar bütün Hindistan ərazisinə səpələnmişdir. Onların bəzilərinin üzərində tək heyvan fiqurları, Sançi məbədindəki sütunun üzərində isə zədələnmiş dörd şir heykəli vardır.[4]
Kapital yaxşı yonulmuş qumdaşından hazırlanmış və həmişə sütundan ayrı detal olmuşdur. O, bir-birinə arxasını çevirmiş dörd Asiya şiri fiqurundan ibarətdir. Onlar, üzərində fillər, qaçan atlar, buğa və aslanlar təsvir edilmiş frizlik abak üzərində dayanır. Şirlərin oturuşundan zınqırovvari lotus yaranır. Ehtimal ki, ilkin olaraq sütun, 24 milli “Dharma çarxı” (Dharmaçakra Hindistanda həm də Aşoka çakrası adıyla məşhurdur) ilə tamamlanmışdır ki, onun da bəzi hissələri ərazidən aşkarlanmışdır.[5] XIII əsrdə Tailand kralı Manqray Çianqmay şəhəri yaxınlığındakı Vat Umonq buddist məbədində Sarnat sütununun replikasını inşa etdirmiş, lakin onu Aşoka çakrası və ya Dharmaçakra ilə tamamlamışdır.[6] Şirlərin üzərində yerləşmiş çarx Hindistan bayrağının ortasında təsvir edilmişdir.
Aşoka dirəklərini tamamlamış və dövrümüzə çatmış altı daş heyvan foquru, “Hindistan daş heykəltəraşlığının ilk mühüm qrupu”nu təşkil edir. Belə hesab edilir ki, həmin heykəllər daha qədim dövrə aid taxta sütunlar ucaldılması və onların mis heykəllərlə tamamlanması ənənəsi əsasında yaradılmışdır. Lakin, daha qədim dövrə aid olan heykəllər, bizim dövrümüzə çatmamışdır. Hindistandakı bu mədəniyyətə Əhəməni memarlığı və heykəltəraşlığının təsir səviyyəsi elmi ədəbiyyatda müzakirə mövzusudur. Persepolisdəki sarayın tavanını saxlayan sütunların kapitalları və və Sarnat dirəklərinin “soyuq, iyerarxik stili”nin oxşarlığında, xüsusilə “Əhəməni və Sarqon dövrü memarlığı”nın təsiri izlənilməkdədir.[7]
Sançidəki Böyük Stupa yaxınlığında yerləşən Aşoka və ya Satavahana toranasını, üzərində Aşoka şir kapitalının dörd şirini xatırladan dörd şir heykəli olan sütunlar saxlayır. Digər Aşoka dirəkləri kimi, Sarnatdakı dirək də ehtimal ki, imperatorun səfəri şərəfinə ucaldılmışdır.
1904-1905-ci illərin qışında, real arxeoloji təcrübəsi olmayan mülki mühəndis F.O.Oertel qazıntı işlərinə başlayarkən, ərazidə orta əsr Çin zəvvarlarının hekayələrinə müvafiq olan heç bir abidə qalığı görünmürdü. Əvvəlcə Aşoka tikilisini örtən əsas stupadan qərbdə Qupta məbədinin qalıqları aşkar edildi. Ondan qərbdə isə dirəyin aşağı hissəsi vertikal, lakin yer səviyyəsinə enmiş formada aşkarlandı. Dirəyin digər hissələri yaxınlıqdakı üç sesiyada qazıntılar nəticəsində aşkarlanmışdır. Daha sonra 1851-ci ildə aşkarlanmış Sançi kapitalının ekvivalentinin aşkarlanması üçün arxeoloji qazıntılar davam etdirilmişdir. Nəticədə aşkarlanmış kapital Sançi kapitalından daha incə yonulmuş və daha yaxşı vəziyyətdə saxlanmışdı. Ehtimal ki, nə baxtsa dirək bilərəkdən aşırılmışdır. Aşkarlanmış tapıntılar dövlət tərəfindən o qədər yüksək qiymətləndirilmişdir ki, onların saxlanması üçün Hindistanda ilk (dünyada azsaylı) individual muzey yaradılmışdır.[8]
Bir-birinə arxasını söykəmiş dörd şir, eyni dərəcədə vacibliyə malik olan dörd nəsnəni simvolizə edir. Sançidə olduğu kimi, şir əksər hallarda Buddanın simvolu kimi istifadə edilirdi, aşağıdakı abakdakı heyvanların da hər birinin buddizmdə simvolik əhəmiyyəti vardır.[8] Kapital aydın buddist və Mauriya mənşəli olmaqla, Dharmanın yayılmasını və ehtimal ki, dörd istiqamətdə Mauriya imperiyasının genişlənməsini simvolizə edir. Əlavə olaraq, dörd şir və zınqırov birlikdə buddizmin hamı üçün olan və Orta yolun vurğuladığı “Dörd nəcib həqiqət”ini simvolizə edir. Onun içində vertikal xəttlə yerləşdirilmiş U simvoli “Orta yol”u simvolizə edir. Orta yol buddizm və buddist dharmasının fundamental fəlsəfəsidir.
Digər maraqlı detal isə şir kapitalının silindrik hissəsidir. Silindrdə öküz, at, şir və fil hərəkət vəziyyəsində çakralar arasında təsvir edilmişdir. Bu, öküz, at, şir və filin çakraları hərəkət etdirməsi anlamını verir. Hindistan və Şri-Lankadan əldə edilmiş qədim sikkələrin tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, Budda, at, şir, fil, öküz və cüt ayaq şəklində təsvir edilirdi. Manimekalay adlı tamil eposunda cüt ayağa ibadət edilməsi təsvir edilir. Cafna yarımadası, Anuradhapura şəhəri və Tamilnad ştatının müxtəlif ərazilərindən bir neçə cüt ayaq heykəli aşkarlanmışdır. Tamilnad və Şri-Lankadan aşkarlanmış bir neçə buddist əlyazmasında isə cüt ayaq cüt balıq və cüt ilbiz kimi təsvir edilmişdir. Buna görə də, silindrik hissədə təsvir edilmiş heyvanlar Buddanın Dhamma Çakrasını hərəkət etdirməsini simvolizə edir.
Theravada buddizmi Buddanın və buddizmin təsvir edilməsini ümumiyyətlə qəbul etmədiyinə görə, şir kapitalını Mayana buddizmi tərəfindən əsrlər sonra inkişaf etdirilmiş ənənənin ən erkən və ən yaxşı saxlanmış nümunəsi kimi qəbul etmək olar.
2005-ci ildə qəbul edilmiş Hindistanın Dövlət Gerbi haqqında (səhv istifadə qadağası haqqında) akta əsasən, gerbin dövlət orqanları və ya digər təşkilatlar tərəfindən istifadə edilməsi zamanı, şir təsvirinin düz altında Devanaqari yazısı ilə Setyameva Jayate (सत्यमेव जयते) ifadəsi yazılmalıdır.[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.