Ağciyər iltihabı
From Wikipedia, the free encyclopedia
Ağciyər iltihabı, sətəlcəm, pnevmoniya — ağciyərin tez-tez təsadüf edilən xəstəliyi.
Pnevmoniya | |
---|---|
| |
| |
XBT-10 | J12., J13., J14., J15., J16., J17., J18., P23. |
XBT-9 | 480-486, 770.0 |
XBT-9-KM | 483.8[1], 486[1], 484.8[1], 483[1] |
DiseasesDB | 10166 |
MedlinePlus | 000145 |
eMedicine | topic list |
MeSH | D011014 |
Vikianbarda əlaqəli mediafayllar |
Gedişinə görə kəskin və xronik olur.
Krupoz, ocaqlı, intersisial və s. formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur; xəstəliyi, əsasən, pnevmokoklar törədir. Xəstəlik başağrısı, yüksək hərarət (39–40°S), quru və bəlğəmli öskürəklə başlayır, döş qəfəsi sancır (öskürdükdə və dərin nəfəs aldıqda artır). Xəstəliyin ikinci günündən başlayaraq selikli bəlğəm ifraz olunur. Sonralar qan qarışdığından bəlğəm pas rəngi alır. İlk günlər xəstənin yanaqları qızarır, dodağı, burnunun ucu, bəzən boyun və qulağı uçuqlayır; nəbzi dəqiqədə 100–120 vurur, arterial təzyiqi aşağı düşür. Yuxusu çəkilir, dilinin üstü quru ərplə örtülür, sayıqlama, iştahasızlıq, ürəkbulanma və qusma müşahidə olunur. Qanda leykositlərin sayı artır, eritrositlərin çökmə reaksiyası sürətlənir; sidiyin miqdarı azalır, xüsusi çəkisi isə artır. Krupoz pnevmoniyada bəzi ağırlaşmalar (məsələn, plevranın quru və ya eksudatlı iltihabı, ağciyərin irinləməsi, kollaps, ürək çatışmazlığı və s.) müşahidə oluna bilər.
Ocaqlı pnevmoniyada iltihab prosesi ağciyərin müəyyən nahiyəsində gedir. Bu xəstəliyi stafilokoklar, streptokoklar, Fridlender çöpləri və s. törədir. Qızılca, göyöskürək, qarın yatalağı və s. infeksion xəstəliklər, eləcə də bə'zi viruslar ocaqlı pnevmoniyaya səbəb ola bilər. Soyuqdəymə, yorğunluq və s. də xəstəliyə şərait yaradır. Ocaqlı pnevmoniya başladıqda temperatur yüksəlir (37–39°S), xəstə süstləşir, öskürür, bəlğəm ifraz edir, iştahası pozulur, bəzən üzü və dodaqları uçuqlayır. Viruslu ocaqlı pnevmoniyalardan qripoz pnevmoniya, ornitoz və psittakoz pnevmoniyalara təsadüf edilir. Psittakoz insana tutuquşudan, ornitoz isə göyərçin, ördək və s. quşlardan keçir. Viruslar quş zılı ilə xarici mühitə düşür və quruyub toz halına keçdikdə havadan insanın tənəffüs yollarına daxil olub, ağciyər iltihabını törədir. Ocaqlı pnevmoniyalar infeksiyasız da baş verə bilər.
İnterstisial pnevmoniyada iltihab prosesi ağciyərin birləşdirici ara toxumasında gedir. Həmin xəstəlik ağciyər iltihabının başqa formalarına nisbətən uzun sürür.
Quru öskürək bu xəstəliyin başlanğıc mərhələsi üçün xarakterikdir. Bir layman bunu adi bronxit ilə qarışdıra bilər: bir neçə gündən sonra bəlğəm görünəcək, xəstə özünü daha yaxşı hiss edəcək.[2]