Ağciyər
İnasanın tənəffüsünü təmin edən orqan / From Wikipedia, the free encyclopedia
Sağ və sol ağciyərlər (lat. pulmo dexter et sinister, yun. pneumon) — döş qəfəsində yerləşmişdir; aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir. Sağ diafraqma günbəzi sol günbəzdən yüksək olduğuna görə və ürək asimmetrik vəziyyət aldığı üçün, ağciyərlərin həcmi və şəkli müxtəlif olmalıdır. Sağ ağciyər sol ağciyərdən qısa, geniş və həcmlidir.
Ağciyərlər | |
---|---|
| |
Latınca | Pulmones |
Yunanca | πνεύμων (pneumon) |
İltihabı | Pneumonia |
Qrey | subyekt 240 1092 |
Sistem | Tənəffüs |
Arteriya | lat. arteria pulmonales dextra et sinistra |
Vena | lat. vv. bronchiales et pulmonales |
Sinir | Azan sinir, lat. lexus pulmonales anterior et posterior |
Limfa | lat. nodi lymphatici pulmonales, bronchopulmonales |
MeSH | Lung |
Dorlands/Elsevier | Lungs |
Vikianbarda əlaqəli mediafayllar |
Normal ağciyərlərin rəngi uşaqda açıq çəhrayı olur, böyüklərdə isə getdikcə rəngi dəyişib tündləşir, xarici səthində qara ləkələrə təsadüf olunur. Bu ləkələrin yaranması xaricdən hava ilə ağciyərlərə daxil olan kənar cisimlərdən (toz, tüstü və s.) asılıdır.
Ağciyərlər böyüklərdə orta dərəcədə hava ilə dolduğu zaman aşağıdakı ölçülərdə olur;
şaquli ölçüsü 25–27 sm, sagital ölçüsü (əsasında) 16–17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm.
Ağciyərlərin tutumuna gəldikdə görürük ki, insan dərin nəfəs aldıqda, yəni döş qəfəsi maksimum böyüdükdə, sağlam ağciyərlər 5000 sm³ hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə 1500 sm³ hava qalır, beləliklə dərin nəfəs alma və dərin nəfəs vermə arasında 3500 sm³ fərq vardır. Buna ağciyərin orta həyat tutumu deyilir. İnsan adi nəfəs aldıqda (yəni rahat nəfəs aldıqda) 500 sm³ hava alır, dərin nəfəs aldıqda əlavə 1500 sm³ ağciyərlərə hava daxil olur; əgər dərin nəfəs verilirsə alınmış 500 sm³ dən əlavə 1500 sm³ hava xaricə çıxarılır; beləliklə görürük ki, ağciyərlərin həyat tutumu üç hissədən ibarətdir: tənəffüs havası (500 sm³), əlavə hava (1500 sm³) və ehtiyat hava (1500 sm³). Təxminən 35 yaşından sonra hava tutumu azalmağa başlayır.[1]
Ağciyərlərin çəkisi müxtəlifdir və bu onlarda olan seliyin və qanın miqdarından asılıdır. Ümumiyyətlə kişilərdə ağciyərlərin çəkisi 1000–1300 qramdır, qadınlarda 200–300 qram az olur. Sağ ağciyər sol ağciyərdən ağırdır və nisbəti 10:11 kimidir.
Ağciyərlərin konsinstensiyası yumşaq, məsaməli və süngərə bənzəyir, daxilində hava olduğu üçün sanki suda üzür. Əgər daxilində hava olmasa (məsələn, rüşeymin, anadan ölü olmuş dölün və ya suda boğulmuş insanın ağciyəri) ağciyərlər öz funksiyalarını itirər. Ağciyərlər çox elastikdir. Onların nəfəs verilən zaman yığılması həmin xassədən asılıdır.
Ağciyəri zirvədən əsasa doğru kəsilmiş konusun yarısı ilə müqayisə etmək olar; konusun əsasına uyğun səthi diafraqmaya və digər ucu yuxarıya baxır, beləliklə, hər ağciyərin əsası – (lat. basis pulmonis), zirvəsi – (lat. apex pulmonis) və üç səthi vardır: əsasını örtən basıq diafraqma səthi – (lat. facies diaphragmatika), orta divara, ürəyə doğru baxan içəri səthi – (lat. facia medialis) və bayır tərəfə baxan qabırğa səthi – (lat. facies costalis).