From Wikipedia, the free encyclopedia
31 mart hadisəsi (türk. 31 mart olayı) – İkinci Məşrutiyyətin elanından sonra hökumətə qarşı tərtib olunan böyük hərbi çevriliş. Nəticədə Sultan Əbdülhəmid taxtdan endirilərək Salonikiyə sürgünə göndərilmiş, yerinə kiçik qardaşı Mehmed Rəşad taxta çıxarılmışdır.[1]
Rumi təqvimlə 31 mart 1325-ci ildə (miladi təqvimlə 13 aprel 1909) baş verdiyi üçün bu adla anılan hadisə İttihad və Tərəqqi cəmiyyətinin hakimiyyətinə qarşı yönəlmişdi. İkinci məşrutiyyətin elan edilməsindən sonra ən güclü siyasi təşkilata çevrilən və hökumət kabinetində iştirak etməsə də, hakimiyyətə tez-tez müdaxilə edən İttihadçılar iqtidarda qeyri-sabitlik yaratmışdı.[2] 4 avqust 1908-ci ildə nazirlərin təyinatı məsələsində İttihadçılarla narazılığa düşən Səid Paşa hökuməti istehfa etdi və yerinə Kamil Paşa sədarətə gətirildi (5 avqust). Bu hadisə İttihadçılara qarşı olan müxalif qüvvələri daha da qəzəbləndirdi. Müxalif cəbhəni, 14 sentyabrda qurulan Əhrar cəmiyyətindəki Sultanzadə Səbahəddin bəy və tərəfdarları ilə İttihadçıları dindən dönmüş olaraq görən mühafizəkarlar təşkil edirdi. Digər yandan Avstriya-Macarıstan imperiyası Osmanlı məclisinə vəkil göndərilməsinin qarşısını almaq üçün 5 oktyabrda Bosniya-Herseqovinanı işğal etdi. Həmin gün Bolqarıstan müstəqilliyini elan etdi. Bir gün sonra isə Krit adası Yunanıstana birləşdirildi.[3] Bu hadisələr isə daxildəki çalxantıları artırdı. Özlərini təhlükədə hiss edən İttihadçılar, üçüncü ordu bölüyünə bağlı 4 batalyonu məşrutiyyətin qorunması və İstanbulun təhlükəsizliyi bəhanəsiylə 19 oktyabrda Salonikidən İstanbula gətirtdi. 17 dekabrda toplanan məclisdə İttihadçılar üstünlük qazandı. Əhrar cəmiyyəti tərəfdarı olan Kamil Paşa hökuməti İttihadçıların təziqi ilə istehfa etdi və 14 fevralda İttihad yanlısı olan Hüseyn Hilmi Paşa sədarətə gətirildi. 7 apreldə İttihadçılara qarşı sərt tənqidlər dərc edən Sərbəsti qəzetinin redaktoru Həsən Fəhmi bəy sui-qəsdlə öldürüldü. Bir gün sonra baş tutan cənazə mərasimi İttihadçılara qarşı mitinqə çevrildi.[4]
Salonikidən İttihadçıları qorumaq üçün gətirilən batalyon əsgərləri onların iç üzünü görmüş, 12 apreli 13 aprelə bağlayan gecə ayaqlandılar. Bir neçə zabiti Daşqışlağında həbs edən əsgərlər İstanbuldakı digər ordu birliklərini də özlərinə qoşaraq Ayasofya məscidi yaxınlığındakı Məclis-i Məbusan binası önündə toplandılar. Əllərində ağ, yaşıl və qırmızı bayraqlar tutan 3-4 min üsyançıya dah sonra Vulkan qəzeti redaktoru Dərviş Vəhdəti rəhbərlyindəki minə yaxın mədrəsə tələbəsi də qatıldı. Üsyançılara mane olmaq istəyən bir neçə üləma isə qətlə yetirildi.[5]
İstanbuldakı hadisələrlə yanaşı, əyalətlərdə və xüsusilə də Balkan yarımadasında böyük iğtişaşlara səbəb olan 31 mart hadisəsi 11 gün davam etdi. İşğal altında olan Məclis-i Məbusanda üsyançıların başlıca tələblərinin hökumətin istehfası, Kamil Paşanın sədarətə, İsmayıl Kamalın isə məclis rəhbərlİyinə gətirilməsi, İttihad və Tərəqqi cəmiyyətinin ləğv edilməsi və hadisəyə adı qarışanlar haqqında əfv qərarı çıxarılması olduğunu bildirdi.[6] Məclisdə səsvermə üçün yetərli sayda vəkil olmamasına baxmayaraq silah zoruyla bu tələblərin qəbul edilməsi haqqında məclis bəyannaməsi qəbul edildi. Teleqrafla saraya bildirilən qərar sultan tərəfindən də təsdiq edildi.[7]
Sədrəzəm həmin gün günorta saatlarında istehfa etdi. Bu əsnada məlumat vermək üçün saraya göndərilən ədliyə naziri Nazim bəy yanlışlıqla öldürüldü. Yıldız sarayını bomblamaqla ittiham olunan Əli Kabuli bəy, Yıldız sarayında Sultan Əbdülhəmidin gözləri önündə qətlə yetirildi. Üsyanın ikinci günü xarici işlər naziri Əhməd Tofiq Paşa sədrəzəm oldu.[8]
İttihad və Tərəqqi cəmiyyətinin öndə gələn üzvləri gizləndi və ya İstanbuldan uzaqlaşdı. Ancaq bu siyasi təşkilat hələ də əyalətlərdə və xüsusilə də Makedoniya bölgəsində hakim mövqedə idi. Məşrutiyyətin qorunması və üsyanın yatırılması üçün dərhal əyalətlərdən əsgər toplanıb İstanbula yeridilməsinə qərar verildi. İkinci və üçüncü ordu birliklərindən ibarət olan və “Hərəkat ordusu” adlanan bu ordu 19 apreldə qatarla Yaşılköyə gətirildi.[9] Hərəkat ordusu rəhbəri Hüseyn Hüsnü Paşa ertəsi gün Hadımköyə qayıtdı və 22 apreldə ordu rəhbərliyini ələ almaq üçün Mahmud Şövkət Paşa Yaşılköyə gəldi. Bununn ardından məclis üzvlərindən bəziləri 22 apreldə Yaşılköyə gələrək burada ordu komandirləri ilə görüşdülər. 24 apreldə Hərəkat ordusu şəhərə yeridildi və şəhərin idarəsini ələ aldı. Yüzlərlə insan öldürüldü. İttihadçılar yenidən İstanbula qayıtdılar. Ardından təşkil olunan məhkəmədə Dərviş Vəhdəti də daxil olmaqla, bir çox şəxs meydanlarda qurulan dar ağaclarında edam edildi. Həbs olunan bəzi siyasi şəxslər isə İngiltərənin müdaxiləsi ilə azadlığa buraxıldı. Hadisələrdən sultanı da təqsirləndirən məclis 27 apreldə Sultan Əbdülhəmidi taxtdan endirdi və vəliəhd Mehmed Rəşad taxta çıxarıldı. Bu əsnada sultan, sədrəzəm Tofiq Paşaya səltənəti qardaşına buraxa biləcəyini, ancaq 31 mart hadisələrində heç bir günahının olmadığını bir komitə vasitəsilə sübut edilməsini tələb etdi. Tofiq Paşa vəziyyəti Səid Paşaya bildirsə də, Səid Paşa “Əgər sultan bəraət qazanarsa, bizim halımız necə olar ?” deyərək təklifə etiraz etmişdir.[10]
31 mart şəhidlərinin xatirəsinə inşa olunan abidənin açılış mərasimi isə 23 may 1911-ci ildə baş tutdu. Hürriyət abidəsi adlanan abidədə 2 zabit və 42 əsgərin məzarı yerləşir.[11][12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.