Şahzadə Vilyam və Ketrin Middltonun toyu
From Wikipedia, the free encyclopedia
Şahzadə Vilyam və Ketrin Middltonun toyu (ing. Wedding of Prince William and Catherine Middleton) — Kembric hersoqu şahzadə Vilyam və Ketrin Middltonun toyu 29 aprel 2011-ci ildə Londonda Vestminster abbatlığında baş tutdu. Uels şahzadəsi Çarlzın böyük oğlu – şahzadə Vilyam Ketrin (Keyt) Middltonla 2001-ci ildə Sent-Endryus Universitetində bir yerdə oxuyanda tanış olublar. 20 oktyabr 2010-cu ildə baş tutmuş nişanları 16 noyabr 2010-cu ildə elan olundu. Toya hazırlıq və hadisənin özü kütləvi informasiya vasitələrinin çox böyük diqqətini çəkdi; toy bütün dünyada canlı yayımlandı və bir çox cəhətdən Vilyamın valideynlərinin – şahzadə Çarlz və ledi Diana Spenserin 1981-ci ildə bağlanmış nikahı ilə müqayisə edilmişdir. Sıravi insanlardan olan Ketrin Middltonun (aristokrat olmayan) kral ailəsinin bir üzvünə ərə getməsi xeyli diqqət çəkdi.
Şahzadə Vilyam və Ketrin Middltonun toyu | |
---|---|
Tarix | 29 aprel 2011 |
Yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Şahzadə Vilyam taxt-tacın birbaşa varisi olmadığına görə toy tam dövlət hadisəsi deyildi, 1900 nəfərlik qonaq siyahısının böyük hissəsi kimi bir çox detallar cütlüyün öhdəsinə buraxıldı. Toy günü Böyük Britaniyada dövlət bayramı kimi elan olundu. Hadisənin təmtəraqlı cəhətləri çox oldu - kral qarajından, piyada və atlı qvardiyasından istifadə olundu. Mərasimdən bir neçə saat əvvəl kraliça şahzadə Vilyama Kembric hersoqu, Strathern qrafı və Kerrikfergyus baronu titullarını verdi. Nikahdan sonra Middlton Kembric hersoginyası oldu.[1] Mərasimdə kral ailəsinin böyük hissəsi, həmçinin çoxlu xarici kral ailələrinin üzvləri, diplomatlar və cütlüyün şəxsi qonaqları iştirak etdilər.
Middltonun üstündə britaniyalı dizayner Sara Burtondan olan ağ paltar və kraliça tərəfindən borca verilmiş tac var idi. Şahzadə Vilyam isə qırmızı rəngdə İrland Qvardiya polkovniki formasında idi. Şahzadə Vilyamın sağdişi – onun qardaşı şahzadə Harri, gəlinin soldişi isə onun bacısı – Pippa idi. Nikah mərasimi saat 11:00-da başladı. Kəbin mərasimini Vestminsterin baş keşişi Con Robert Holl, Kenterberi arxiyepiskopu Rouen Vilyams ilə birlikdə apardı və nikahın özünü isə London yepiskopunun xətibi Riçard Şartre aparmışdır. Gəlinin qardaşı Ceyms "Romalılara məktublardan" şeirlər oxudu.
Toydan sonra gənc ər-arvad Melldə toplaşmış camaatın qarşısında keçirilən ənənəvi balkona çıxma və hava paradı üçün təntənəli keçidlə Bukingem sarayına getdilər. Toydan sonra cütlüyün Anqlsi adasında yaşamaq fikri var idi, həmin adada şahzadə Vilyam Kral Hərbi Hava Qüvvələrinin axtarış-xilasetmə pilotu kimi qeydiyyatdadır. Kral toyunun şərəfinə bütün İngiltərədə 5000-dən çox küçə şənlikləri keçirildi və bir milyondan çox insan Vesminister abbatlığı ilə Bukingem sarayı arası marşrut boyunca düzüldü.[2][3] Böyük Britaniyada teleauditoriya 26,3 milyon tamaşaçı zirvəsinə çatdı. Mərasimi dünyanın hər yerində on milyonlarla insan canlı izlədi, o cümlədən 72 milyon YouTube-da Kral kanalından izlədi.[4]