![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a6/Endurance_under_full_sail_Frank_Hurley_State_Library_NSW_a090012h.jpg/640px-Endurance_under_full_sail_Frank_Hurley_State_Library_NSW_a090012h.jpg&w=640&q=50)
İmperial Trans-Antarktika ekspedisiyası
From Wikipedia, the free encyclopedia
İmperial Trans-Antarktika ekspedisiyası 1914–1917-ci illəri əhatə edən, Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrünün sonuncu əsas ekspedisiyasıdır. Ser Ernest Şeklton tərəfindən irəli sürülən bu ekspedisiyanın məqsədi Antarktida qitəsi üzərində ilk quru keçidini etmək idi. Bu keçid Roald Amundsenin 1911-ci ildəki Cənub qütbünə ekspedisiyasından sonra Şekltonun ifadəsi ilə "Antarktika səyahətlərinin ən əsas obyekti" kimi qaldı.[1] Şekltonun səyahəti bu obyektivi tamamlamaqda uğursuz olsa da, dramatik dözümlülük mübarizəsi kimi böyük şöhrət qazanır.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a6/Endurance_under_full_sail_Frank_Hurley_State_Library_NSW_a090012h.jpg/640px-Endurance_under_full_sail_Frank_Hurley_State_Library_NSW_a090012h.jpg)
Şeklton bu səyahətə başlamazdan əvvəl 1901–1904-cü illərdə Britaniya Milli Antarktika ekspedisiyasında xidmət etmiş və 1907–1909-cu illərdə Nimrod ekspedisiyasına rəhbərlik etmişdi. Bu yeni avantürasında o, Veddell dənizinə yelkən açmağı və buradan Vahsel körfəzi ilə quruya çıxaraq, Cənub qütbü üzərindən Ross dənizinə qədər getməyi təklif edir. Bu müddət ərzində Ross dənizi partiyası adlanan dəstək qrupu Mak-Medro boğazında düşərgə qurmalı, buradan Ross şelf buzlağı boyunca, Birdmor buzlağının ayağına qədər olan ərazidə təminat anbarları yerləşdirməli idi. Qurudan yürüş əməliyyatını icra edəcək əsas qrup özləri ilə yetərincə təchizat götürməyəcəklərinə görə bu anbarlar onların sağ qalması üçün həyati əhəmiyyət daşıyırdı. Ekspedisiya iki gəmiyə ehtiyac duyurdu: Şekltonun rəhbərliyindəki Veddell dənizi qrupu üçün "Endurans" və Eneas Makintoş rəhbərliyindəki Ross dənizi qrupu üçün "Aurora".
Ekspedisiyanın əvvəlindəcə "Endurans" gəmisi hələ Vahsel körfəzinə çata bilmədən Veddell dənizindəki buzlaqlara ilişir. Şimal istiqamətində hərəkət edərək buzlaqların əhatəsindən xilas olmağa cəhd etsə də, 1915-ci ilin bütün qışını olduqları yerdə keçirməyə məcbur qalırlar. Buz kütləsinin gəmi ilə toqquşması nəticəsində gəmi batır və təchizatdan yoxsun 28 nəfər heyət üzvü buz üzərində qalır. Üzərində olduqları buzun şimal istiqamətində hərəkəti səbəbindən tez-tez müvəqqəti düşərgələr qurmağa məcbur olan heyət bir neçə ay sonra gəmidən xilas edə bildikləri qayıqlarla yaşam üçün əlverişsiz Fil adasına ayaq basır. Ardınca, Şeklton və beş digər qrup üzvü Ceyms Kerd açıq qayığı ilə 1300 km məsafədə üzərək Cənubi Georgiya adalarına çatmağı bacarır. Şeklton buradan Fil adasında qalan heyət üzvlərini qurtarmaq üçün xilasetmə missiyası təşkil edir və heç bir insan itkisi olmadan bütün qrup xilas edilir. "Endurans"ın gözlənilməz səviyyədə yaxşı qorunmuş qalıqları 2022-ci ildə dəniz dibində tapılır.[2][3]
Qitənin digər tərəfindəki Ross dənizi qrupu bütün çətinliklərə baxmayaraq, öz missiyasının öhdəsindən gəlməyi bacarır. "Aurora" fırtına vaxtı körfəzdən aralanır ve geri qaytarmaq mümkün olmur. Nəticədə, sahilə çıxmış qrup müvafiq təminat və təchizatsız qalır. Heyət onlara tapşırılan bütün anbarları quraşdıra bilsə də, xilas edilənə qədər üç nəfər həlak olur.