İlandağ
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
İlandağ — Azərbaycan Respublikası, Culfa rayonunda dağdır.
İlandağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Zəngəzur |
Mütləq hündürlüyü | 2415 m |
Yerləşməsi | |
39°08′57″ şm. e. 45°39′31″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
Rayon | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dağın hündürlüyü 2415 metrdir.[1] Vulkan mənşəlidir. Andezit-dasit süxurlarından təşkil olunmuşdur. Yamacları sıldırımlıdır. Kserofit kolluq və dağ-meşə landşaftı var.
Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağında, Əlincə çayının sol sahilində, Kırna kəndindən 6 km şərqdə yerləşir. Bünövrəsinin sahəsi 3 kv.km-ə çatan, nisbi hündürlüyü 1000 m olan, əzəmətli, yamacları sıldırımlı, şimal-qərb istiqamətli oval zirvə şəklində ucalan relyef formasıdır. Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb qanadında izlənilən Xoşkeşin-Düylün sinklinalının nüvə hissəsində yerləşir. Dağın adı "məskunlaşma yeri, diyar, xalq" mənalarını verən türk sözü il/el və qədim türk səcdəgahı Annu adının birləşməsindən əmələ gəlmiş və "allahın yaşadığı məskən" mənasını daşıyır. Zirvənin daha iki adı mövcuddur: onlardan biri İnandağ, yəni "İnam dağı", digəri isə Haçadağ, yəni zirvənin dar buğumla birləşdirilmiş iki hissədən ibarət olduğunu ifadə edən "ikiyə parçalanmış dağ" kimi səslənir.[2]
Şumer mənşəli əfsanəyə görə Nuh peyğəmbərin gəmisi Gəmiqayadan Ağrı dağına yola düşərkən İlandağın zirvəsinə elə güclü toxunmuşdur ki, dağ haçalanmışdır. Ehtimal ki, dağın adı da bu əfsanə ilə bağlıdır.
Şumer mənşəli qədim əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi yolda Gəmiqayadan başqa bir dağın zirvəsinə də toxunmuş və onu yarıb keçərkən bərk yırğalanmış, bu zaman Nuh peyğəmbər demişdir: "İnan, dağdır". Tədqiqatçılar İlandağ adını bu əfsanə ilə əlaqələndirirlər.[3] Sonralar İnandağ sözü xalq təfəkküründə İlandağ (Elandağ) şəklinə düşmüşdür. İlandağa zirvəsinin formasına görə Haçadağ da deyirlər.
İlandağın zirvəsinə 3 və ya 4 cığırla qalxmaq mümkündür. Kırna və Şurud kəndləri tərəfdən gələn cığırların birləşdiyi yerdə tikinti qalıqları mövcuddur. Dağ yamacındakı daşların üst-üstə qoyulması ilə ucaldılmış bu müdafiə qurğusu daşların arasına bərkidici məhlul vurulmadığından dövrümüzə dağılmış vəziyyətdə çatmışdır. Tikilinin sağ tərəfində divarı xatırladan hündürlüyü 300 – 500 metr olan qayalar ucalmaqdadır. Burada salamat qalmış divarın iç tərəfində 10 – 12 m² –lik yaşayış binalarının izləri (güman ki, müdafiəçilərin mənzil qərargahı olmuşdur) qalmışdır. Divar şimal və mərkəzdə bir qat, cənubda isə üç qatdır.
Dağın zirvəsinə qalxana kimi yeddi yerdə siklop tikililərin (qalaçaların) divar – hasarına (hündürlüyü 10 – 15 m) rast gəlinmişdir. İlandağın zirvəsində iki haça arasında qalın gil təbəqəsi vardır. Ocaq yerində gilin içərisindən orta əsrlərə aid saxsı qab qalıqları aşkar edilmişdir. Tədqiqatçılar İlandağın qədim müşahidə məntəqəsi kimi istifadə edildiyi qənaətinə gəlmişlər. Yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsiylə Əlincə qalaya, oradan isə Çalxanqala və Şapurqalaya məlumat verilirmiş.[2]
İlandağda aşkar olunmuş e.ə. 820 – 810-cu illərə aid qədim mixi yazı Urartu dövrünə aiddir. İlandağ mixi yazısının oxunması nəticəsində məlum olmuşdur ki, Urartu çarları İşpuini və onun oğlu Minua dövləti birlikdə idarə etdikləri dövrdə Naxçıvan ərazisinə yürüş etmişlər. Yazıda üç şəhərin (ölkənin) adı çəkilir və qələbə naminə Urartu tanrılarına qurban gətirilməsi haqqında məlumat verilir. Aşkar olunmuş bu haqqında ilk məlumat 1989-cu ildə İtaliya jurnalında dərc olunmuşdur.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.