Sığorta
From Wikipedia, the free encyclopedia
Sığorta (ing. Insurance) – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
İxtisaslaşdırılmış təşkilatlar – sığorta şirkətləri – tərəfindən sığorta etdirənlərin sığorta haqlarından (mükafatlarından) formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir.
Ümumilikdə sığorta istehsal münasibətlərinin mühüm elementlərindən biridir. Bu, istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır və normal, fasiləsiz və müntəzəm təkrar istehsalın əsas şərtlərindən hesab edilir. Sığorta xidmətləri sığorta bazarlarında yayılır. Sığorta bazarı – pul münasibətlərinin xüsusi sferasıdır və burada alqı-satqı obyekti kimi spesifik xidmət – sığorta müdafiəsi, təklif və ona olan tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir.
Sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Könüllü sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur. Sığortanın konkret şərtləri sığorta müqaviləsinin bağlanması zamanı müəyyən olunur. İcbari sığorta qanunun qüvvəsi ilə həyata keçirilən sığortadır.
Qanunvericiliyə zidd olmayan aşağıdakı əmlak mənafeləri sığorta obyektləri ola bilər: sığortalının və ya sığorta olunan şəxsin həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə əlaqədar (şəxsi sığorta); əmlakın sahibliyi, istifadəsi və sərəncamlığı ilə əlaqədar (əmlak sığortası); sığortalı tərəfindən ona və ya fiziki şəxsin əmlakına vurulmuş ziyanın, eləcə də hüquqi şəxsə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar (məsuliyyət sığortası).
Ölkə ərazisində yerləşən hüquqi şəxslərin əmlak mənafelərinin (təkrar sığorta və qarşılıqlı sığorta istisna olmaqla) və ölkənin rezidentləri kimi fiziki şəxslərin əmlak mənafelərinin sığortası yalnız sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziyası olan hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.
Sığortaçılar sığorta agentləri və sığorta brokerləri vasitəsi ilə sığorta fəaliyyətini həyata keçirə bilərlər.
Verilmiş səlahiyyətlərə uyğun olaraq sığortaçının adından və onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər sığorta agentləridir. Sığortalının yaxud sığortaçının tapşırıqları əsasında öz adından sığorta üzrə vasitəçilik fəaliyyətini həyata keçirən sahibkarlar qismində müəyyən olunmuş qaydada qeydiyyatdan keçən hüquqi və ya fiziki şəxslər sığorta brokerlər sayılır.