Sənədli film
reallıqları təsvir edən kinofilm / From Wikipedia, the free encyclopedia
Sənədli film — müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların film formasında tamaşaçılara çatdırma üsulu.[1] Sənədli filmlərin əsas vəzifəsi tarixi əhəmiyyətli hadisələrin fiksiyası, tədris və təhsil üçün materialların yaradılması, tədqiqat və təbliğat xarakterli fikirlərin yayılmasıdır.[2]
Dünya kinosunun əsası məhz sənədli-xronikal kadrlarla başlamışdır. Qatarın bir başa ağ kətan üzərindən tamaşaçının üstünə doğru sürətlə gəlməsi tamaşaçılarda həyəcan və qorxu əmələ gətirmişdi.
Kino sənətinin bu növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilik dərəcəsi baxımından bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, büsbütün incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək olduqca müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyildir. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.