Qayalıqlar bakirəsi
From Wikipedia, the free encyclopedia
Qayalıqlar bakirəsi (ing. Virgin of the Rocks, fr. La Vierge aux rochers) və ya Madonna qayalıqlarda (ing. Madonna of the Rocks) — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən eyni mövzuda və eyni kompozisiya ilə çəkilmiş, detalları bir-birindən fərqlənən iki rəsm əsəridir. Əsərin prima versiya hesab edilən iki nüsxəsindən biri Parisin Luvr muzeyində, ikincisi isə Londonun Milli Qalereyasında saxlanılır. İki metrə yaxın hündürlükləri olan əsərlərin hər ikisi yağlı boya ilə işlənmişdir. Hər iki əsər taxta panel üzərində işlənsə də, Luvr versiyası sonradan kətan üzərində köçürülmüşdür.[1]
Qayalıqlar bakirəsi |
Leonardo da Vinçi, 1483–1486 |
Panel üzərində yağlı boya (sonradan kətana köçürülüb), 199 × 122 sm |
Luvr muzeyi, Paris, Fransa |
Qayalıqlar bakirəsi |
Leonardo da Vinçi, 1495–1508 |
Panel üzərində yağlı boya, 189.5 × 120 sm |
Milli Qalereya, London, Birləşmiş Krallıq |
Hər iki əsərdə Madonna, Körpə İsa, körpə İohann və mələklə birlikdə qayaqlıq yerdə təsvir edilmişdir ki, əsər də adını burdan almışdır. Əsərlərin əsas fərqi mələyin baxışı və sağ əlindədir. Bundan başqa bir çox xırda detallar, o cümlədən rənglər, floranın təsviri və sfumatonun istifadə üsulu da iki əsəri bir-birindən fərqləndirir. Əsərlərin alınma tarixi sənədlərlə bəlli olunsa da, ümumilikdə onların dəqiq işlənmə tarixləri mübahisəlidir və bu da özlüyündə iki əsərdən hansının daha əvvəl işlənməsi mövzusunda mübahisə yaradır.
Əsərlə bağlı olan və onun yan paneli kimi nəzərdə tutulmuş iki rəsm əsəri də mövcuddur ki, onlar da London Milli Qalereyasında saxlanılırlar. Hər iki əsərdə musiqi alətində ifa edən mələklər təsvir edilmişdir.