Konfusiçilik
From Wikipedia, the free encyclopedia
Konfusiçilik (Çincə: 儒學, köhnə 儒学) — Çində dini-etik təlim.
|
Konfusiçilik Çində e.ə. V–VI əsrlərdə yaranıb. O, ən qədim fəlsəfi sistemlərdən və daosizm və buddizmlə birlikdə üç əsas dini-etik təlimdən biri hesab edilir. Çin imperiyasının müəyyən tarixi məqamlarında isə konfusiçilik əsas din, rəsmi dövlət ideologiyası funksiyasını oynayıb. Onların ön plana çəkdiyi və ciddi-cəhdlə tətbiq etdiyi sosial etika cəmiyyət hüdudlarında fərdin mənəvi kamillyinə yönələrək qədimiliyin nüfuzu ilə təqdis edilən ciddi müəyyənləşdirilmiş normalar çərçivəsində, mahiyyət etibarilə, digər dinlərin də əsasında duran mistikaya, bəzən isə hətta ekstaza bürünmüş kortəbii etiqadın ekvivalenti idi.
Din olmasa da, konfusiçilik sözün əsl mənasında az qala dindən də güclüdür. Konfusiçilik həm siyasi, həm inzibati sistem, həm də iqtisadi və sosial proseslərin əsas tənzimləyicisi, bir sözlə, Çin həyat tərzinin özülü idi.
2000 ildən çox bir müddətdə konfusiçilik çinlilərin ağıl və duyğularının formalaşmasına, onların inanclarına, psixologiyalarına, düşüncələrinə, davranışlarına və məişətlərinə ciddi təsir etdi. Bu mənada konfusiçilik dünyanın geniş yayılmış dinlərinin heç birindən geri qalmır. Bu təlim Çin milli mədəniyyətinin bütün çalarlarına, əhalinin milli xarakterinə nəzərə çarpacaq dərəcədə rəng qatdı.
Konfusiçiliyin əsl adında (ju – ([tzya tzyao]) – "intellektual şagirdlər məktəbi") onun yaradıcısının adının olmaması da təsadüfi deyildi. Çünki Konfusinin məqsədi yeni təlim yaratmaq yox, çox uzaq keçmişi sevmək və ona inanmaq idi. Konfusiçilərin sələfləri əsasən məmur ailələrindən olan və rəsmi mövqelərini itirdikdən sonra müəllimlik edənlər idi. Onlar sonralar Onüçkitabçılığın bir hissəsini təşkil etmiş qədim kitabları təlim etməklə dolanırdılar. Onüçkitabçılıq təlimləri (Şi-san tzin) – konfusiçiliyin qanun-qaydalarını təşkil edən 13 qədim Çin klassik əsərləridir. Onüçkitabçılığın tarixi isə Xan dövrünə gedib çıxır. O zaman (e.ə. 140–87-ci illər) aşağıda adı çəkilən əsərlərin daxil olduğu Beşkitabçılıq mövcud idi.
- 1. Şitzin (mahnı və himnlər kitabı);
- 2. Şutzin (tarix kitabı);
- 3. İtzin (dəyişikliklər kitabı);
- 4. Li tzı (mərasimlər haqqında qeydlər);
- 5. Çuntzyu (payız və yaz salnaməsi).
Tan sülaləsi dövründə (e.ə. 907–618-ci illər) Beşkitabçılığa aşağıdakılar əlavə eildi:
- 6. Çjou li (Çjou sülaləsinin ritualları);
- 7. İli (etiket və mərasimlər haqqında kitab);
- 8. Tzou-Çjuan (cənab Tsyuminin xronikası);
- 9. Qunyan-Çjuan (cənab Qunyan Qaonun xronikası);
- 10. Qulyan-Çjuan (cənab Qulyan Çinin xronikası).
İmperator Ven-tszuenin dövründə (e.ə. 840–827-ci illər) bu mətnlər daş plitələrə yazıldı. Bu zaman onlara daha üç kitab əlavə edildi:
- 11. Syao Yzsin (ehtiramlı oğullar kitabı);
- 12. Lun yuy (mülahizə və söhbətlər);
- 13. Er ya (nəfis sinonimlər lüğəti və kanon kitablarına şərhlər).
Onüçkitabçılığın formalaşması Şimali Sun dönəmində (e.ə. 1127–960-cı illər) Men-tzsı traktatı əlavə edilməklə sona çatdı. Bu kitablar Çinin tarixində mühüm rol oynayaraq iki min il ərzində ölkənin və təlim-tərbiyənin idarə olunmasının əsasını təşkil edirdilər. Konfusi (Kun-tszı, e.ə. 551–479-cu illər) Çjou sülaləsi dönəmində Lu səltənətində (indiki Şandun əyalətinin Tsyuyfu şəhəri) O, 22 yaşında Çinin ən məşhur pedaqoqu kimi ad aldı. Kun-tszı məktəbində 4 kitab: əxlaq (Şitszin), dil (Şutszin), siyasət (Litszi) və ədəbiyyat (Yuetszin) öyrədilirdi.