Hörmətli fahişə
From Wikipedia, the free encyclopedia
Hörmətli fahişə və ya Səxavətli fahişə (fr. La Putain respectueuse) — Fransa yazıçısı və filosofu Jan Pol Sartr tərəfindən 1946-cı ildə fransız dilində yazılan teatr tamaşası. İki pərdəli əsərdə hadisələr 1930-cu illərdə Amerika Birləşmiş Ştatlarında baş verir.[1] Əsərin əsas süjet xətti cənub əyalətlərinin birində yaşayan ailənin oğlanlarını zənci bir şəxsi qətlə yetirdiyi üçün həbs edilmələrindən qurtarmasından bəhs edir. Ailə bu istəyini küçə qadını Lizzi MekKeyi oğlanlarının əvəzinə günahsız zənci şəxsi günahlandırması üçün yalandan şahidlik etməsinə razı salaraq həyata keçirir.[2]
Hörmətli fahişə | |
---|---|
fr. La Putain respectueuse | |
| |
Ölkə | Fransa |
Yazıçı | Jan Pol Sartr |
Obrazlar |
Lizzi, Fred, Senator, Zənci, Ceyms, Con |
Nümayiş tarixi | noyabr, 1946 |
Nümayiş yeri | “Antoin” teatrı |
Orijinal dili | fransız dili |
Mövzu | irqi ayrı-seçkilik, cinayət |
Janr | ekzistensializm |
Mövzudakı hadisənin tarixi | 1930-cu illər |
Mövzudakı hadisənin yeri | ABŞ-nin cənub qəsəbələrindən biri |
Sayt | IBDB saytı |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə 1946-cı ilin noyabrında nümayiş olunan tamaşa, Sartrın 1945-ci ildə ABŞ-yə etdiyi səyahətdəki müşahidələrindən sonra yazılmışdır. Yazıçı teatr tamaşasını 1931-ci ildə bu ölkədə baş verən doqquz zənci şəxsin iki küçə qadınına təcavüz etməklə günahlandırıldığı üçün həbs edildiyi Skottsboro məhkəməsindən və səyahət ərəfəsində burada tanış olduğu Riçard Raytın əsərlərindən ilhamlanaraq yazmışdır.[3] Sartr əsərdə irqçiliyi və Amerika cəmiyyətindəki təbəqə sistemini küçə qadının, ona təcavüz etdiyi üçün günahlandırılan zənci şəxsin və cinayət törətmiş varlı şəxsin hekayəsindən bəhs edərək ironik bir şəkildə sərt tənqid etmişdi.[4]
Sartrın ekzistensializm janrında yazdığı və Lizzinin əhatəsində sərt kişilər, varlılar və linç şəxslərinin olmasına baxmayaraq seçimlərində nə qədər azad olduğundan bəhs edən əsər bir çox tənqidlərə məruz qalmışdır.[5] Əhali yazıçının bir fransız olaraq Amerika Birləşmiş Ştatlarına qarşı çıxdığını bildirmişdi. Sartr gələn bu tənqidlərə belə bir cavab vermişdi: “Mən Amerika Birləşmiş Ştatlarına yox, irqi ayrı-seçkiliyə qarşıyam.”[3] Digər tənqidlərdə Sartın ABŞ-də qaldığı qısa müddətdə əhalinin gündəlik vərdişləri barədə düzgün müşahidələr apara bilmədiyi bildirilmişdi.[6] Həmçinin Sartrın zənci obrazında gücsüz və çarəsiz bir xarakter yaratması, haqsızlığa qarşı mübarizə aparmaq əvəzinə imtina etməyə üstünlük verməsi liberal baxımdan tamaşaçılar tərəfindən xoş qarşılanmadı.[7]
Sartr 1952-ci ildə ekranlaşdırılan filmi izləyərək, tamaşanın SSRİ-də nümayiş olunması üçün əsərin sonunu dəyişdi. Dəyişdirilmiş yeni sonda Lizzi yalandan şahidlik etməyi rədd edərək təbəqə ayrı-seçkiliyini və irqçilikdə qırılma nöqtəsi ortaya çıxardı.[8] Yazıçı əsərin sonundakı dəyişikliklə əlaqədar olaraq bildirmişdir: “Ən gənc şəxslərə kimi bir çox şəxslərin bu teatr tamaşasını seyr etdiyindən xəbərdaram. Əsərin məyusedici bir halda sonlandırılması tamaşaçını çox məyus etdi. Həyatda mübarizə aparmaq məcburiyyətində olan bu kütlənin ehtiyacı olan yeganə şeyin ümid olduğunu bilirəm.”[9] Əsas personajın qəhrəmancasına qərarı və tamaşanın optimist sonlandırılması 1930-cu illərdə ABŞ-dəki irqi ayrı-seçkiliyi xatırlatmadığı üçün yenidən bir çox tənqidlərə məruz qaldı.[9]
Sartrın az tanınan teatr tamaşalarından biri olan[10] “Hörmətli fahişə” əsəri ilə əlaqədar olaraq Andre Jid 1947-ci il 15 mart tarixli qeydlərində bildirir ki, “Sartrın “Hörmətli fahişə” əsərinin bir növ şah əsəri olduğunu düşünürəm. Yazıçının son yazdığı iki uzun və sıxıcı romanlarından heç xoşum gəlməmişdi. Lakin “Hörmətli fahişə” əsəri Sartrın yazdığı gözəl hekayələrdən sonra yaratdığı ən güclü və mükəmməl tamaşadır.”[11]