Frauenkirxa (Drezden)
From Wikipedia, the free encyclopedia
Drezden şəhərindəki Frauenkirxa (alm. Frauenkirche zu Dresden, IPA-deˈ[fʁaʊənˌkɪʁçə], bina başlanğıcda Bizim Sevimli Ledi kilsəsi (alm. Kirche Unserer Lieben Frau) adı ilə tanınırdı) — Almaniyanın Saksoniya vilayətinin paytaxtı hesab edilən Drezden şəhərinin Noymarkt adlı meydanının tam mərkəzində yerləşən məşhur yevangelik-lüteran kilsəsi və şəhərin başlıca dominant və monumental tikilisidir. O protestant dini mərasim tikintisinin əsrarəngiz şəhadətnaməsi hesab edilir və ölçülərinə görə, Alp dağlarının şimalında ucaldılmış ən böyük daş kilsə günbəzinə malikdir. Tikildiyi zaman roma-katolik olmasına baxmayaraq, XV–XVI əsrlərdə katolik kilsəsinə qarşı başlanan və Reformasiya adı ilə tanınan dini etirazlar nəticəsində kilsə protestantların istifadəsinə verilmişdir. Barokko memarlıq ənənələri ilə ərsəyə gəlmiş hazırkı kilsə binası isə bilərəkdən protestant möminlərin ehtiyaclarını təmin etmək məqsədilə inşa edilmişdir. Frauenkirxa protestantların ən görkəmli və sakral abidəsi hesab olunur; ümumi layihəsi memar Georq Ber tərəfindən hazırlanmış kilsə özünün təkrarolunmaz silueti ilə şəhərin mənzərəsinə imperiallıq və təmtəraqlıq ab-havasını bəxş edir. İkinci dünya müharibəsi zamanı Drezdenin şiddətli bombalaması nəticəsində kilsə tamamilə məhv edilmişdir (şəhərin intensiv şəkildə bombalanması, "od fırtınası" adlanan fəlakətli atmosfer cərəyanının baş verməsinə səbəb olmuş və bunun nəticəsində də kilsə tamamilə çökmüşdür). Müharibədən sonra Şərqi Almaniya liderləri kilsənin xarabalıqlarını bərpa etməməyə və hərbi memorial abidə qismində qoruyub saxlamağa dair qərar qəbul edirlər. Kilsə Almaniyanın yenidən birləşməsindən sonra bərpa edilmişdir. Onun xarici yenidənqurma işləri 2004-cü ildə, interyerləri isə 2005-ci ildə tamamlanmışdır. Kilsə təkrar olaraq 30 oktyabr 2005-ci ildə təntənəli şəkildə təqdis olunmuşdur. Faciəvi şəkildə məhv edilmiş kilsə yenidən dirçələrək, tolerantlıq, sülh və harmoniyanın Dünya rəmzi statusunu əldə etmişdir.
Frauenkirxa | |
---|---|
Frauenkirche | |
51°03′07″ şm. e. 13°44′30″ ş. u. | |
Ölkə |
Almaniya Saksoniya |
Şəhər | Drezden |
Yerləşir | Noymarkt meydanı |
Aidiyyatı | yevangelik-lüteran kilsəsi |
Memar | Georq Ber |
Tikilmə tarixi |
Təməl daşının qoyulması mərasimi: 1726/1993 Tikinti işlərinin tamamlanması: 1743/2005 |
Üslubu | Barokko memarlığı |
Hündürlüyü | 91,24 m |
Rəsmi sayt | frauenkirche-dresden.de |
Vikianbarda əlaqəli mediafayllar |
Frauenkirxanı tez-tez kafedral kilsə adlandırırlar, lakin burada yepiskopun qərargahı yerləşmədiyindən, bu mülahizə doğru sayıla bilməz. Yepiskop qərargahı yaxınlıqdakı Kroytskirxa (Müqəddəs Xaç) kilsəsində yerləşir. Həmçinin ayda bir dəfə Müqəddəs Georgi anqlikan vaizliyində çalışan ruhanilər kilsədə ingilis dilində axşam duaları oxuyurlar.