Akva alta
From Wikipedia, the free encyclopedia
Akva alta (Acqua altaⓘ – hərfi tərcümədə hündür su deməkdir) — italyan dilindən alınmış və Veneto vilayətində geniş istifadə olunan bir ifadə. Bu, xüsusi intensivliklə vaxtaşırı olaraq Adriatik dənizinin şimal hissəsindəki Venesiya laqununda yerləşən Venesiya və Kyocca şəhər rayonlarında pik həddə çatan güclü və dağıdıcı, Qrado və Triest liman şəhərlərində isə daha zəif daşqınlara səbəb olan təbiət fenomenidir.
Kifayət qədər sıx baş verən bu təbii hadisə əsasən payızla yaz mövsümləri arasında müşahidə olunur. Bu dövrdə xüsusi meteoroloji şərtlərin köməyi ilə isti sirokko küləkləri Appenin və Balkan yarımadaları arasındakı Otranto boğazından başlayaraq, Adriatik dənizi hövzəsinin bütün uzunluğu boyunca əsir və ərazidəki şəhərlərdə suyun müntəzəm çəkilməsinə mane olurlar.