Əlhambra qanunnaməsi
From Wikipedia, the free encyclopedia
Əlhambra qanunnaməsi (isp. Decreto de la Alhambra; ivr. גירוש ספרד) - Kastiliya və Leon Kraliçası İzabella ilə Araqon Kralı II Ferdinand tərəfindən 1492-ci ilin 31 mart tarixində Əlhambra sarayında imzalanaraq elan edilən və İspaniyada yaşayan yəhudilərin ölkədən qovulması qərarını, səbəbləri ilə birlikdə göstərən qanunnamə. Əlhambra qanunnaməsinə görə İudaizm dininə mənsub olan və ya etnik kökləri bu dinə söykənmiş hər kəs İspaniyanı tərk etməli idi. Yəhudilərə özləri ilə birlikdə qiymətli əşyalarını götürmək qadağan olunmuşdur. Qanuna əsasən 31 iyul tarixinə qədər ölkəni tərk etməyən yəhudilərin edam edilməsi nəzərdə tutulurdu.[1] Bu tarixdən bir il sonra Araqon Kralı II Ferdinanda aid olan Siciliya adasında, beş il sonra isə Portuqaliyada oxşar məzmunlu qanunnamə qəbul edildi.
Əlhambra qanunnaməsi bir başa Səfərad yəhudilərinin ölkədən çıxarılmasına hesablanmışdı. XV əsrdə İspaniyada yarım milyona yaxın səfərad yəhudisinin yaşadığı təxmin edilməkdədir. 200.000 yaxın səfərad yəhudisi sürgündən xilas olmaq üçün Katolik məzhəbini qəbul etdi. 40.000 - 100.000 aralığında olan bir bölümün isə dinlərini dəyişdirməkdən imtina etdikləri üçün sürgün edildiyi məlumdur.[2] 1968-ci ilin 16 dekabr tarixində simvolik olsa da qanunnamə ləğv edildi və İkinci Vatikan Şurasının yığıncağında İspaniya daxilində yaşayan yəhudilərə öz dini inanclarını azad şəkildə yaymaq və yaşatmaq hüququ tanındı.
Qərarda XV əsrdə yəhudilərin əllərindən alınmış və təyinatı dəyişdirilmiş sinaqoq və digər dini tikililərində icmanın balansına qaytarılması nəzərdə tutulurdu.[3] 1924-cü ildə Primo de Rivera rejimi tərəfindən qəbul olunmuş qərarda dünyanın müxtəlif ölkələrində yaşayan səfərad yəhudilərinə İspaniya vətəndaşlığı verilməsi məsələsi gündəmə gəldi. 2014-cü ildə İspaniya hökuməti ölkə tarixində baş vermiş utancverici hadisələrin aradan qaldırılması adına səfərad yəhudilərinin kökündən gələn şəxslərə İspaniya vətəndaşlığı verilməsini nəzərdə tutuan qanun layihəsini qəbul etmişdir.
Qanuna görə səfərad yəhudilərinin soyundan gələn bir şəxs doğum haqqında şəhadətnamə, dini kəbin, yerli sinaqoqdan verilmiş arayış və ya İspaniya yəhudi icmasından alınmış bir sənədlə səfərad yəhudilərinin soyundan olduğunu sübut edə bilsə, hal-hazırda yaşadığı ölkəni tərk etmədən İspaniya vətəndaşlığına keçə bilər.[4][5] Bunun əvəzində həmin şəxslərin yaşadığı ölkəni tərk edib, İspaniyada yaşamaqları tələb olunmur.